Reseptlərə

Suplar və şorbalar

 

AzeriFood.com

Piti

 

Bu milli Azərbaycan şorbasıdır. Adətən onun xüsusi gil qablarda və xüsusi sobalarda bişirirlər. Əksəriyyətin belə sobalarda və küpədə bişirmək imkanı olmadığından, idni biz pitini adi qazanda, qaz və ya elektrik plitəsində bişiririk. Şəkidə olarkən mənə əsl pitini dadmaq nəsib oldu. Orada, ləzzətli pitisi ilə bütün Azərbaycanda məşhur olan bir restoranda yediyim pitinin dadı heç vaxt yadımdan çıxmaz. Piti o qədər dadlı idi ki, mən adətən noxudu xoşlamadığım halda, həmin pitini axıradək yedim.

 

Bu cür gil bardaqda bişirilən piti süfrəyə elə bardaqdaca gətirilir, sonra piti bardaqdan boşqaba boşaldılıb təzə soğan, göyərti və şoraba ilə yeyilir. Təəsüf ki, onun xüsusi ləzzətini təsvir etməl mümkün deyil. Şəkildə bardaqda bişən pitini görə bilərsiniz. Şəkil xüsusi olaraq azerifood.com üçün hüsusi çəkilmişdir.

 

 

Doğrudur, qazanda bişirilən piti əsl pitidən bir qədər fərqlənir, ancaq o da çox dadlıdır. Təəssüf ki, ailə üzvlərim sevmədiyinə görə mən pitini tez-tez bişirə bilmirəm.

 

Piti üçün

 

Qoyun əti (sümüklü və yağlı) bir porsiya üçün 1 parça

Kartof 1 böyük 1 porsiya üçün

Noxud

1 baş soğan

Tomat pastası

Alça

Sarıkök

Duz, istiot

Əvvəlcədən noxudu soyuq suda isladın və bir-neçə saat sonra natamam bişirin. Əti yuyub qazanın içinə qoyun və su tökün. Su ətin üstünədək olmalıdır. Qazana bir baş təmizlənmiş soğan atın və orta temperaturda bişirin. Ətin kəfini yığın, bulyon şəffaf omlaıdır. Qoyun ətini bir saata yaxın bişirin və duz əlavə edin. Ətin bişməyini çəngəllə yoxlayın, bişəndən sonra baş soğanı çixarıb atın. Soğan onun üçün atılır ki, qoyun ətinin qoxusunu özunə çəksin. Kartofu təmizləyib qazana tökün, bir az sarıkök, noxud və alçanı əlavə edin. Kartof bişərkən yarım xörək qaşığı tomat pastası ya xırda doğranmış pomidor tökün. 5-10 dəqiqə bişirin. Hazır pitini süfrəyə verərkən, yanında lavaş ya çörək, nazik həlqələrlə doğranmış soğan, göyərti və ya şoraba da verilir.

Nuş olsun!

Yuxarı

 

admin@azerifood.com